Yasamal polisi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinini saxlayıb.
APA TV-nin xəbərinə görə, ondan 16 kiloqrama yaxın marixuana aşkarlanıb.
39 yaşlı Vitali Konstantinovu 29-cu polis bölməsinin əməkdaşları metronun “20 Yanvar” stansiyası yaxınlığında özünü şübhəli apardığı üçün saxlayıb. Onun üzərinə baxış keçirilərkən qurudulmuş marixuana aşkarlanıb. Dindirmələr zamanı Vitali onda 16 kiloqrama yaxın qurudulmuş marixuana olduğunu bildirib: “Bir dostum var idi. Dostum deyəndə, tanış idi, bir yerdə türmədə “srok” çəkmişik. Onunla bir-iki dəfə şəhərdə görüşmüşük. Dünən axşam da onunla görüşdüm. Mənə bir az marixuana verdi. Dedi ki, bunu apar saxla özündə. Onun özü Xaçmazda yaşayır. Dedi ki, 1-2 günə gələcəm, öz adamım var. Gələrəm, aparıb bir yerdə satarıq”.
Vitali Konstantinov marixuananı tanımadığı şəxsdən aldığını bildirib. Söhbət zamanı məlum olub ki, 39 yaşlı Vitali ömrünün 25 ilini həbsxanalarda keçirib: “İki dəfə narkotiklə yatmışam, istifadə eləmişəm. İki dəfə oğurluqla yatmışam, bir dəfə də “razboy”la”. 25 ildən artıq “srok”da olmuşam. Təzə çıxmışam - noyabrın 30-da. Heç iki ay yoxdur”.
Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.