"Ölkəyə təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bunun təxminən 100 milyardı Azərbaycanın özünün sərmayəsidir, digər 100 milyardı isə xarici investorlar tərəfindən Azərbaycana yatırılıb". APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə çıxışında deyib.
Ə. Həsənov bildirib ki, bu gün qeyri-neft sektoru iqtisadiyyatın aparıcı istiqamətinə çevrilir və artıq Ümumi Daxili Məhsulun 70 faizi məhz bu sektorda formalaşır. Lakin buna baxmayaraq, bundan sonrakı dövrdə də enerji potensialından istifadə olunacaq və bu istiqamətdə görülən işlər davam etdiriləcək. Qiymətindən asılı olmayaraq, neft Azərbaycanın dünya və Qərblə əlaqələrinin şah damarını təşkil edir”.
Prezidentin köməkçisi qeyd edib ki, “Cənub” qaz dəhlizi çərçivəsində “Şahdəniz 2” fazasının işlənməsi və böyük miqdarda Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli üzərində iş gedir. Hazırda TANAP layihəsi icra olunur və bir müddət sonra böyük Azərbaycan qazını Türkiyəyə çatdıracaq ixrac boru kəməri işə düşəcək. Bununla da neftin qiymətinin enməsi ilə bağlı itkilərimizin böyük bir hissəsi kompensasiya olunacaq.
Görüşdən sonra jurnalistlərə açıqlama verən Əli Həsənov bildirib ki, “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının 2-ci ilinin yekunları ilə bağlı konfransda prezident tərəfindən müəyyən tələblər qoyulub:
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın qeyri-neft potensialının işə salınması, sahibkarlığın inkişafı, yerlərdə əhalinin sosial-iqtisadi problemlərinin dolğun həlli, işsizliklə mübarizə və digər sahələrdə bütün dövlət strukturları sahibkarlıq və hər bir vətəndaş qarşısında sosial məsuliyyətli bir fəaliyyət nümayiş etdirmək tələbi qoyub. Bu gün Quba ictimaiyyəti ilə keçirilən görüşdə əhalinin ehtiyacları, Qubanın iqtisadi potensialının işə salınması məqsədilə əhalidən gələn təşəbbüslər, yerli sahibkarların və vətəndaşların ayrı-ayrı qurum rəhbərlərinin burada açıq çıxışları, təklifləri, müraciətləri dinlənildi, onlarla bağlı müvafiq qeydlər aparıldı, Azərbaycan prezidenti cənab İlham Əliyevin bu insanlara ideyaları, tövsiyələri, müşavirədə səsləndirilən Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının gələcək prioritetləri, yerlərdə gələcək inkişafın əsas istiqamətləri və digər məsələlərlə bağlı izahatlar verildi. Düşünürəm ki, bu görüş və Azərbaycanın digər bölgələrində cənab Prezidentin tapşırığı ilə yerli ictimaiyyətlə vəzifəli şəxslərin, məmurların keçirdiyi görüşlər sonda Azərbaycanın qarşıdan gələn illər üçün yeni iqtisadi fəaliyyətinin təməlini təşkil edəcək və prezident İlham Əliyevin qoyduğu vəzifələrin reallaşdırılmasında əhalidən gələn təşəbbüslərin, istək və arzuların nəzərə alınması təmin ediləcək”.
Əli Həsənov Azərbaycan hökuməti neftin ucuzlaşmasından itirdiyi gəlirləri digər sahələrdə kompensasiyası taktikasını hazırlayıb reallaşdırmaqdadır.